07.09.2025
29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilmiş 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.
Müsabiqədə 24 ölkədən 96 məktəbli iştirak edib. Məktəblilərimiz aşağıdakı nəticələrlə medallarla geri dönüblər:
🥉 Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, IX sinif
🥉 Fateh Əhmədzadə – Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey, IX sinif
🥉 Əkbər Əhmədov – Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, IX sinif
Şagirdlərimizi qazanılmış uğurlara görə təbrik edir, onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.
Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən etibarən iştirak edir və indiyədək 4 gümüş və 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.