
07.09.2025
29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilmiş 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.
Müsabiqədə 24 ölkədən 96 məktəbli iştirak edib. Məktəblilərimiz aşağıdakı nəticələrlə medallarla geri dönüblər:
🥉 Ömər Əliməmmədzadə – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, IX sinif
🥉 Fateh Əhmədzadə – Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey, IX sinif
🥉 Əkbər Əhmədov – Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, IX sinif
Şagirdlərimizi qazanılmış uğurlara görə təbrik edir, onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.
Qeyd edək ki, Azərbaycan məktəbliləri Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 2017-ci ildən etibarən iştirak edir və indiyədək 4 gümüş və 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

02.08.2025
27 iyul – 3 avqust 2025 tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) məktəblilərimiz 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanaraq tarixi uğura imza atıblar.
Bu nəticə ilə Azərbaycan IOI tarixində ən yüksək nəticəsinə nail olub.
Medal qazanan şagirdlərimiz:
🥈 Ayxan Dəmirli – Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi – Gümüş medal
🥉 Həsən Vəliyev – Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi – Bürünc medal
🥉 Elvin İmanlı – Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi – Bürünc medal
🎖 Əli Əliyev – Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi – Həvəsləndirici mükafat
Azərbaycan komandası IOI olimpiadasına 1994-cü ildən qatılır. Bu müddət ərzində qazanılan medallar belədir:
1994–1999: 2 medal
2000–2009: 2 medal
2010–2019: 1 medal
2020–2025: 11 medal
2025-ci ildə qazanılan nəticə ilə şagirdlərimiz ölkə tarixində ən yüksək nəticə göstərmiş və iki iştirakçımız dünya üzrə ilk 100-lükdə qərarlaşmışdır.
Son illərdə bu uğurlar Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən informatika fənni üzrə hazırlıq proqramlarının nəticəsidir.
🎉 Şagirdlərimizi təbrik edir, gələcək beynəlxalq müsabiqələrdə onlara daha böyük uğurlar arzulayırıq!
📎 Ətraflı nəticələr üçün:
👉 Olimp-news - IOI
👉 IOI Statistikası – Azərbaycan

29.07.2025
18–24 iyul 2025-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Nəzəri və praktiki turlardan ibarət olan bu nüfuzlu elmi yarışmada Azərbaycan məktəbliləri ümumilikdə 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar:
🥈 İbrahim Valehli – Kaspi liseyinin XI sinif şagirdi – Gümüş medal
🥉 Selcan Süleymanlı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi – Bürünc medal
🥉 Məhəmməd Cəfərli – Bakı şəhəri Texniki Humanitar Liseyin X sinif şagirdi – Bürünc medal
Zeynəb Məhəmmədli – Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin X sinif şagirdi – Həvəsləndirici mükafat
🎖 Murad Xəlil – Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi – Həvəsləndirici mükafat
Məktəblilərimizi qazandıqları uğurlara görə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar və yeni zirvələr arzulayırıq!

22.07.2025
14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində 5-ci Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2025) təşkil edilib. 61 ölkədən 227 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.

29.06.2025
2025-ci il 22–28 iyun tarixlərində Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında (ICO) Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər. Yarışda ölkəmizin komandası 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.
Belə ki, Ağdaş rayonu, Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri, Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib. Bu olimpiada Beynəlxalq İnformatika Olimpiadasının təşkilat komitəsi tərəfindən cari tədris ilindən ilk dəfə olaraq keçirilmişdir. Seçmə mərhələlər isə yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 mərhələdə baş tutub. İmtahana informatika fənnindən yuxarı yaş qrupu üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak hüququ qazanmış məktəblilər dəvət olunublar.
Seçilmiş şagirdlər mart ayından etibarən həftədə 4 saat olmaqla intensiv hazırlıq dərslərinə cəlb olunublar. Onlara müxtəlif səviyyəli tapşırıqlar təqdim olunaraq praktiki bilik və bacarıqları inkişaf etdirilib.
Şagirdlərimizi təbrik edir, gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.

17.06.2025
14 iyun 2025-ci il tarixində “Azercell Telekom” MMC və Təhsil İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi təşkil olunub. Müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. İştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmək tapşırığı verilib.
Qeyd edək ki, Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma sahəsinə, informatika fənninə və rəqəmsal texnologiyalara olan marağının artırılması, bu sahələr üzrə xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri müəyyənləşdirib onlara dəstək göstərilməsidir.

16.06.2025
25-26 aprel 2025-ci il tarixlərində Azərbaycan Texniki Universitetində və Bakı Dövlət Universitetində təşkil olunmuş informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri müəyyən edilib. Şagirdlər final turunun nəticələri ilə portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.
Qaydalara əsasən aşağı yaş qrupu üzrə 5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə 7-ci və 7-ci ilə yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 22-ci və 22-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 45-ci və 45-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medala layiq görülüb.
Qeyd edək ki, final turu ərzində şagirdlər tərəfindən təqdim edilmiş 5023 həll avtomatik qiymətləndirmə sistemi tərəfindən yoxlanılıb.

16.06.2025
2024–2025-ci tədris ili üzrə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri üçün rəsmi mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir 24 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
Bu ənənəvi tədbir ölkənin istedadlı məktəblilərinin elmi nailiyyətlərini cəmiyyətə təqdim etməyi, onları gələcək uğurlar üçün ruhlandırmağı hədəfləyir.
Respublika Fənn Olimpiadaları 8–11-ci sinif şagirdləri arasında müxtəlif fənlər üzrə yüksək intellektual yarış platformasıdır. Cari tədris ilində keçirilmiş seçim mərhələlərindən uğurla keçmiş və finalda fərqlənmiş 514 nəfər qalib şagird aşağıdakı nəticələrlə təltif olunub:
🥇 I yer – 95 nəfər
🥈 II yer – 170 nəfər
🥉 III yer – 249 nəfər
Tədbirə dəvət olunacaq şagirdlər və onların müşayiətçiləri barədə müvafiq təlimatlar artıq ümumtəhsil müəssisələrinə göndərilib. Qaliblər tədbirdə iştirak etmək üçün yaşadıqları şəhər və rayon üzrə təhsil aldıqları məktəblərə müraciət etməlidirlər.
Bu mərasim yalnız fərdi nailiyyətlərin deyil, həm də ölkənin elmi potensialının və təhsilin inkişafının nümayişidir.
Bütün qalibləri təbrik edir və onların gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!